Keçid linkləri

2025, 15 Avqust, Cümə, Bakı vaxtı 22:34

İranın su böhranı İsraillə yeni cəbhə açır


İranda taksi sürücüsü
İranda taksi sürücüsü

Temperaturun yüksəlməsi, elektrik kəsintisi və suyun məhdudiyyətlə verilməsi fonunda İran prezidenti Məsud Pezeşkian ölkənin su problemlərinin acınacaqlı vəziyyətini təsvir edib. O, xəbərdarlıq edib ki, "sentyabr və ya oktyabradək su anbarlarında su qalmayacaq".

Tükənmiş su anbarlarına və yeraltı su mənbələrinə işarə edən prezident Pezeşkian vəziyyəti 'ciddi və təsəvvür olunmaz bir böhran' kimi təsvir edib.

Netanyahunun müqayisəsi, su anbarlarının durumu

Bundan sonra İsrail baş naziri Benyamin Netanyahu Pezeşkianın açıqlamasından istifadə edərək İran xalqına birbaşa video mesaj göndərib. O, İranın 'su yanğısını' ölkənin 'azadlığa olan susuzluğu' ilə müqayisə edib. Netanyahu İsrailin suyun təkrar emalı və duzdan təmizlənməsi ilə bağlı təcrübəsini vurğulayaraq ölkəni potensial xilaskar kimi təqdim edib.

"Sizə zülm edən zalım rejimdən azad olduqdan sonra, biz İsraildə İran xalqına digər məsələlərlə yanaşı su probleminin həllinə məmnuniyyətlə kömək edəcəyik və suyu həyatınıza qaytaracağıq", - bu, onun 2018-ci ilin iyunundakı video müraciətdəki şərhlə eynidir.

Lakin İran dövlət başçısı buna reaksiya verib. O, Nazirlər Kabinetinin iclasında və sosial media paylaşımında bildirib ki, İsrail baş naziri "fantaziya" vəd edir:

"Qəzza əhalisini sudan və yeməkdən məhrum edən rejim İrana su gətirəcəyini deyir? Bu, fantaziyadan artıq bir şey deyil".

"Oxfam" və "Sərhədsiz Həkimlər" (MSF) də daxil olmaqla 100-dən çox təşkilat bu həftə ortaq məktub imzalayıblar. Onlar Qəzzada aclığın ağırlaşması barədə xəbərdarlıq edib və İsraili Qəzzada 'yardımdan silah kimi istifadəni' dayandırmağa çağırıblar.

İran illərlə davam edən quraqlıq, onilliklər boyu yanlış idarəetmə və iqlim dəyişikliyi nəticəsində ciddi su qıtlığı böhranı ilə üzləşib. İran rəsmilərinə görə, Tehran bir neçə həftəyə sudan məhrum ola bilər, Kərəc su anbarı kimi anbarlar yalnız 6 faiz tutuma malikdir. Ölkədə əhali su qıtlığı, elektrik kəsintisi ilə üzləşir. Bu isə ofislərin bağlanmasına və suya qənaət çağırışlarına səbəb olub.

İsrailin iyunda İran əleyhinə hava əməliyyatına başlamasının rəsmi səbəbi Tehranın nüvə proqramı idi. Lakin Netanyahu və digər İsrail rəsmilərinin ritorikası göstərir ki, İranda rejim dəyişikliyi ən azı arzulanan bir məqsəddir.

Prezidentə ittihamlar

Sərt xətt tərəfdarları İran prezidentini tənqid edirlər. Onlar Pezeşkianı açıqlamaları vasitəsilə Netanyahunun İran əleyhinə ritorik hücumlarına yardım etməkdə suçlayırlar.

"Prezidentimiz rəqib komandanın 12-ci oyunçusuna çevrilib, topu düşmənə ötürəndə biz nə etməliyik?", - sərt xətt tərəfdarı olan deputat Həmid Rasai X-də yazıb: "O, satqın deyil, amma tutduğu mövqenin fərqində deyil".

Mühafizəkar ekspert Əli Musəvi də "düşüncəsiz” şərhlərinə görə prezident Pezeşkianı tənqid edib. O prezidentin "İsrailin psixoloji əməliyyatları və təbliğatı üçün platforma yaratdığını" deyib.

Prezident Məsud Pezeşkian isə fikrini müdafiə edərək X-də yazıb ki, "problemin həlli inkardan yox, etirafdan başlayır".

Bu arada prezidentin tərəfdarları onu İranın su böhranının miqyası ilə bağlı ictimaiyyətlə "dürüst" olduğuna görə təqdir ediblər.

Haaqa Tətbiqi Elmlər Universitetinin müəllimi Deymon Qolriz AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib ki, Netanyahunun "azadlıq üçün yardım" çağırışına inanmaq "çətindir".

"Təcrübə göstərir ki, İsrail belə mesajları qarşı tərəfin rəhbərliyinin ruhdan düşməsi üçün hərbi əməliyyat ərəfəsində yayımlanır. Hər iki tərəf anlayır ki, müvəqqəti atəşkəs – iyun atəşkəsi – son dərəcə kövrəkdir", - Qolriz söyləyib.

Yazını AzadlıqRadiosunun jurnalisti Kian Şərifi hazırlayıb

XS
SM
MD
LG