Vəkil Nemət Kərimli qanunsuz yoxlamaya məruz qaldığını deyir

Nemət Kərimli

Milli Şuranın və Müsavat partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun vəkili Nemət Kərimli müvəkkili ilə görüşə gedərkən qanunsuz yoxlamaya məruz qaldığını deyir. Vəkil buna etiraz olaraq, avqustun 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində müvəkkili ilə görüşmədən geri qayıdıb.

Bu barədə AzadlıqRadiosuna Tofiq Yaqublunun ailə üzvləri məlumat verərək bildirib ki, vəkil Müalicə Müəssisəsində qanunsuz yoxlamaya məruz qalıb. Onun sənədləri əlindən alınıb, yalnız bu şərtlə T.Yaqublu ilə görüşə buraxılacağı bildirilib: “Nemət Kərimli də ona qarşı bu cür özbaşınalığa, qanunsuzluğa etiraz olaraq, Tofiq Yaqublu ilə görüşdən imtina edib. Əgər vəkilin əlindən sənədləri alınırsa, hüquqlarını müdafiə etdiyi şəxslə müzakirə edəcəyi materiallar buraxılmırsa, görüşməyin də mənası qalmır”.

Vəkil N.Kərimli də AzadlıqRadiosuna məlumatı təsdiqləyib. Vəkil bildirib ki, təhlükəsizlik baxımından ümumi yoxlama başadüşüləndir. Lakin vəkilin sənədlərinin yoxlanması, əlindən alınması qanunsuzdur:

“Təhlükəsizlik baxımından xüsusi aparatla özüm yoxlamadan keçməliyəm və içəri buraxılmalıyam. Yoxsa Penitensiar Xidmətin əməkdaşlarının üzərimdə axtarış aparması, sənədlərimi bir-bir yoxlaması, sənədlər olan çantanı buraxmaması qanunsuzdur”.

N.Kərimli vurğulayıb ki, artıq Ali Məhkəmədə T.Yaqublunun şikayəti üzrə məhkəmə prosesinin vaxtı təyin edilib. Onlar konkret sənədlər üzərində məsləhətləşmələr aparmalıydılar. Lakin Penitensiar Xidmətin əməkdaşlarının bu cür davranışına etiraz olaraq, T.Yaqublu ilə görüşməkdən imtina edib.

Vəkil özünə qarşı bu davranışla əlaqədar hüquqi müstəvidə addımlar atmaq niyyətindədir.

Avropa İnsan Haqları Məhkəməsi 2025-ci ilin iyulunda Azərbaycana qarşı çıxardığı qərarda vəkil Elçin Sadıqovun Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşdən öncə üzərində axtarış aparılmasını, sənədin əlindən alınmasını qanunsuz hesab edib. Məhkəmə belə nəticəyə gəlib ki, istər həbsdə saxlanılan şəxsə, istərsə də vəkilə qarşı bu cür davranış Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (şəxsi və ailə həyatı, mənzil və yazışmalara hörmət hüququ) maddəsinin pozulmasıdır. Avropa Məhkəməsi bu hüquq pozuntusuna görə həm vəkil E.Sadıqova, həm müvəkkili Əvəz Zeynallının hər birinə 1200 avro kompensasiya ödənilməsinə qərar verib.

Xatırlatma

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Ona bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il həbs cəzası kəsilib. Siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib.

Lakin o, özünü təqsirli bilmir və ittihamları “qurama” adlandırır.

T.Yaqublu bundan öncə də bir neçə dəfə uzunmüddətli həbsdə olub. Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər törətdikləri əmələ görə mühakimə ediliblər.