Keçid linkləri

2025, 18 Avqust, Bazar ertəsi, Bakı vaxtı 23:35

'Reuters': Putin Trampla görüşdə Krımın Rusiya ərazisi kimi tanınmasını tələb edib


Putin və Tramp
Putin və Tramp

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşdə Ukraynada müharibənin dayandırılması barədə razılaşma çərçivəsində Rusiyanın ilhaq etdiyi Krım üzərində suverenliyinin tanınmasını tələb edib. Bu barədə "Reuters" agentliyi mənbələrə istinadla yazıb.

Məlum deyil ki, söhbət yalnız ABŞ-nin, yoxsa bütün Qərb ölkələri və Ukraynanın tanımasından gedir. Agentliyin mənbələrinin sözlərinə görə, Putin həmçinin Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalardan azı bir hissəsinin ləğvini istəyir.

Putinin təklif etdiyi plana görə, Kiyev Donetsk və Luqansk vilayətlərindən qoşunlarını tamamilə çıxarmalıdır, qarşılığında isə Rusiya Xerson və Zaporojye vilayətlərində cəbhə xəttini donduracağını vəd edir.

"Reuters" cəbhə xəttindəki dəyişiklikləri izləyən açıq mənbə "DeepState"in xəritəsinə istinadən bildirib ki, Ukrayna Donbasın təxminən 6 min 600 kvadrat kilometrinə nəzarət edir.

Bundan əlavə, Rusiya Ukraynanın müəyyən bölgələrində və ya bütün ölkə ərazisində rus dilinə rəsmi statusun verilməsini və Moskva Patriarxlığına tabe Ukrayna Pravoslav Kilsəsinin ölkədə sərbəst fəaliyyət göstərməsinə icazə verilməsini tələb edir.

"FoxNews" telekanalı isə iddia edib ki, Tramp Donbasın Rusiyanın nəzarətinə verilməsi və ölkənin digər hissələrində cəbhə xəttinin dondurulması təklifini dəstəkləyir. Ukrayna prezidenti Volodimir Zelenski isə belə güzəşti qəti şəkildə rədd edir.

Bu gün - avqustun 18-də Zelenskinin Ağ evdə Trampla görüşü gözlənilir. Görüşdə bir sıra Avropa liderləri də iştirak edəcək.

Vaşinqton danışıqları ərəfəsində Rusiya Ukraynaya ölümcül zərbələri davam etdirir

Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri Ağ evdə danışıqlara hazırlaşarkən, Rusiya Ukraynaya ölümcül hava zərbələri endirməyə davam edir. ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçiriləcək danışıqlardan saatlar əvvəl Rusiya qüvvələrinin Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbəsi nəticəsində ikisi uşaq olmaqla 7 nəfər həlak olub, azı 20 nəfər yaralanıb.

Rusiya Ukraynanın Zaporojye və Odessa vilayətlərinə də dron zərbələri endirib. Zaporojyedə üç nəfərin həlak olduğu bildirilib.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

XS
SM
MD
LG